Bizə əmanət Şuşa
Tarix : 25 Sentyabr 2026, 17:44 Hər daşı bir tarix olan Şuşa onun şəhid fatehlərinin bizlərə əmanətidir. Sözsüz ki, Şuşa mənəvi və tarixi dəyərimizdir. Azərbaycanımıza uğrunda ölümə gülə-gülə qucaq açaraq şəhadətə ucalan igidlərimizin əmanəti, qutsal bir irsdir. Şuşa adi bir turizm məkanı deyil, Azərbaycanın mədəniyyət paytaxtı və şəhidlərin qanı bahasına azad olunmuş müqəddəs torpaq, 44 günlük Vətən müharibəsində Dövlətimiz, Şanlı Ordumuz və xalqımızın monolit birliyi sayəsində, igidlərimizin canı, qanı bahasına qazanılan möhtəşəm zəfərimizin simvoludur. Burada hər daş bir tarixdir: o daşların üzərinə yazı yazmaq, özəllik¬lə də Şuşa şəhidlərinin adını qayalıqların üzərini qazıb həkk etmək şəhərin yalnız xarici görünüşünə xələl gətirmək deyil, onun daşıdığı mənəvi dəyərə də hörmətsiz yanaşmaqdır. Axı, bu gün Şuşa, Qarabağ bütün dünyanın diqqət mərkəzindədir.
Ölkə başçımız Uluslararası mühüm forum və rəsmi görüşlərin möcüzə Şəhərdə-Şuşada gerçəkləşdirilməsini təmin edir... Məsələyə ictimai məsuliyyət və şəhər mədəniyyətini qorumaq kontekstindən baxmaq gərəkir və bu kimi faktların, hadisələrin baş verməsi sistemli bir problemdir. Bir neçə ay öncə Bakıdakı Nizami Kino Mərkəzinin yerləşdiyi tarixi binanın fasadı¬na qraffitilərin, müxtəlif cızma-qaraların çəkilməsi də göstərir ki, bu, təkcə fərdlərin törətdiyi xəta deyil, ümumi ictimai məsuliyyət daşımaq və şəhər mədəniy-yəti¬nin formalaşması sahəsində yaranmış problemdir. Ona görə də ictimaiyyət, şəhər sakinləri və ziyalılar bu cür halları sıradan bir qayda pozuntusu kimi deyil, bir vandalizm aktı kimi qəbul etməli və qınamalıdır. Bu kimi hallarda, mənəvi aşınmalara yol açan hərəkətlərə qarşı ictimai qınaq qaçılmazdır.İctimai qınaq günümüzünən aktual məsələsi olmalı, problemin həlli yolları tapılmalı, Şuşanın və digər tarixi məkanlarımızın bu cür zərərlərdən qorunması üçün məsələyə kompleks yanaşılmalı, ictimai nəzarət gücləndirilməlidir. Ölkə vətəndaşları bu kimi məsələlərə laqeyd qalmamalı və şahid olduqları neqativ hallara dərhal reaksiya verməlidirlər.
Şuşada qayalıqlar üzərinə şəhidlərin adının həkk olunmasına Şəhid anaları da etiraz səslərini ucaltdılar və hadisəni törədənləri qınadılar. Bu faktın özü də ictimai qınağın təzahürüdür. Axı, bu hərəkət onu törədənlərə baş ucalığı gətirmir. Mirzə Cəlil Məmmədquluzadənin "Saqqallı uşaq" persohajını xatırladım. (Ustad yazırdı: Mən elə bilirdim ki, bizim uşaqlar özgə uşaqlar kimi o qədər də divar yazan deyillər; çünki çox nəsihət eləmişdim və onlar da mənə söz vermişdilər ki, divarları yazmayacaqlar. Amma axır vaxtlarda gördüm ki, balkonun divarında, qapının dalında bir xəlvət yerdə belə şəkil çəkilib: deyəsən bir heyvan başıdır, qulaqları da deyəsən var, bir-iki ayağı da var, altında beş dənə əlif yazılıb və bundan savayı beş-altı yumru şey çəkilib. Bunların hamısı karandaş ilə yazılıb, elə naşı kobud yazılıb ki, bunu uşaqdan savayı heç kəs yaza bilməz!!!.)
Texniki və fiziki mühafizə həyata keçirilməli, şəhər ərazisində kamera nəzarəti mexanizmləri təkmilləşdirilməli və mühafizə sistemi gücləndirilməlidir. Abidələrə zərər vuran, xətər yetirən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş cəza tədbirləri tətbiq edilməsi müsbət nəticə vermiş olardı... Yetərincə maarifləndirmə işi həyata keçirilməli, Şuşaya gələn yerli və xarici turistləri şəhərin tarixi-mənəvi statusu barədə öncədən məlumatlandırmaq lazımdır. Nəticə etibarilə isə, Şuşaya, Qarabağın işğaldan azad olunmuş ərazilərinin, eləcə də bütün Azərbaycanımızın tarixi abidələrinə münasibətdə hər birimiz məsuliyyətli, diqqətli olmalı, göz bəbəyi kimi qorumaq hər bir Azərbaycan Türkünün mənəvi, həm də vətəndaşlıq borcudur. Xalqımız, Azərbaycan cəmiyyəti, QHT ailəsi-hər birimiz ayıq-sayıq, olmalı və tarixi keçmişimizə sahib çıxmalı, keşiyində durmalıyıq...