YAZI / DÜŞÜNCƏ, BİLİM / DİN
Ölkəmiz üçün ciddi təhlükə Tarix : 07 Oktyabr 2026, 20:03

"Azərbaycanda Dini Akademiya yaradılsaydı, faydalı olardı..." Ölkə başçımız, cənab Prezident İCESCO və İƏT-in baş katibləri ilə görüşü zamanı bir daha xatırlatdı ki, Azərbaycan İslam dünyasının bir parçasıdır. Azərbaycanın müsəlman ölkələri ilə əlaqələri, İslam təşkilatları çərçivəsində fəaliyyəti, İslam həmrəyliyinin möhkəmlənməsində Azərbaycanın rolu, bu istiqamətdə görülən işlər, həmçinin ölkədə İslam dini irsinin qorunub-saxlanmasına diqqət Dövlət başçımızın, həm də Heydər Əliyev Fondunun sədri, I Vitse Prezident Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır.

 

İndi başqa bir məsələ də narahatlıq doğurur. Burada məsələ təkcə İslam faktoru deyil. Əslində Azərbaycanın uğurlarını gözü götürməyən bəzi qüvvələr siyasi və iqtisadi məsələləri İslam faktoru ilə qarışdıraraq bundan faydalanmaq istəyirlər. Zəngəzur dəhlizinin açılması çoxlarının marağındadır. Rusiya, İran və başqaları... Bəs Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün hansı əlaqələr qurulur? Heç şübhəsiz, ortaq maraqların, ortaq dərdlərin yaratdığı əlaqələri... Ortaq anlaşma nədədir? Dinc yanaşı yaşamaqda. Çünki bu məsələdən radikal qərarlar çıxara, ölkələri bir-birinə qarşı qoya bilərlər. Azərbaycan isə son illərdə özünü doğruldub, inkişafa doğru hərəkət etdiyini göstərib, artıq qalib ölkədir. Bir tərəfdən qalib ölkədir, digər tərəfdən isə Ermənistanla sülhün əldə olunmasına səy göstərməsi Türk dünyasının birləşməsi baxımından da əhəmiyyətlidir. Ermənistan Türkiyə ilə Türk dünyası arasında yerləşir və bu reallıqla barışmağa məcburdur. Qərb də bu barışığı istəmir. Çünki Türk dünyası regionda və beynəlxalq aləmdə güclənir, söz sahibi olur, nüfuzu artır...

 

Məsələ təkcə Rusiya və İranla da bağlı deyil. Bir tərəfdə onların maraqları, digər tərəfdə isə Qərbin maraqları durur. Qərb də Türk dövlətlərinin arasında yerləşən Ermənistan vasitəsilə regionda öz təsirini saxlamağa çalışır. Bu qüvvələrin edə biləcəyi işlərdən biri və ən birincisi regionda gərginliyi artırmaq, İslam dini, hicab və digər məsələlər ətrafında radikal hərəkətlərin güclənməsinə və təhlükəsizliyin pozulmasına şərait yaratmaqdır. Bununla da sülh prosesini mümkün qədər ləngitməyə, hər vəchlə qarşısını kəsməyə çalışırlar. Elə ölkəmizdə xaricdən dəstək alan qüvvələrin təhriki ilə gerçəkləşdirilən son hadisələr də bunu göstərir. Deməli, məsələ təkcə ibtidai siniflərdə təhsil alan kiçikyaşlı məktəbli qızların hicabdan istifadəsinin qadağan olunmasından ibarət deyil. Bunun arxasında güclü iqtisadi və siyasi maraqlar dayanır. İranın və Rusiyanın iqtisadi maraqları... Siyasi baxımdan isə Qərb üçün Türk və müsəlman ölkələrinin arasında xristian dövlətinin yerləşməsi müəyyən üstünlük yaradır.

 

Digər tərəfdən, regiondakı neft və qaz ehtiyatlarına qoyulan sərmayələr məsələsi var. Bu sərmayələrin sahibləri də öz maraqlarını qorumağa çalışırlar. Burada isə özəl kapitalın, dövlətlərin və böyük güclərin maraqları toqquşur. Bu toqquşmanın ətrafında isə nisbətən kiçik ölkələr yerləşir. Bu ölkələrin ətrafında dini təşkilatlar fəaliyyətdədir. Təbii ki, dini təbliğat həmişə bütün gücü aparılıb və zaman-zaman onlardan müəyyən məqsədlər üçün istifadə edilib. Sulduzdan olan yaxın rəfiqəm Məsumə xanım Şükürzadə bu mövzu ilə bağlı söhbətlərimizin birində unuda bilmədiyi bir hadisədən danışmışdı. Demişdi ki, "mənim heç yadımdan çıxmayan bir hadisə olmuşdu. 2018-ci ildə Beynəlxalq Miqrasiya mərkəzi ilə Dövlət Miqrasiya mərkəzinin birgə tədbiri keçirilirdi. Mən də orada iştirak edirdim. Həmin tədbirdə bir məsələni gündəmə gətirdim. Dedim ki, Azərbaycan dövləti miqrasiya məsələləri ilə yanaşı, xaricə gedən vətəndaşlarının təhlükəsizliyinə də diqqət yetirməlidir. Hər il 500 nəfər zəvvarın İrana, Məşhədə və Kərbəlaya getdiyini təsəvvür edin. Mən iddia etdim ki, onların arasında insan alverinin qurbanına çevrilənlər, böyrəyini, qanını və digər bədən üzvlərini satmağa məcbur edilənlər, narkotik vasitələrin alverinə cəlb olunanlar, qadınların istismarı və erkən nikahlarla bağlı problemlər də vardır. Bu insanların bir hissəsi müxtəlif dini təşkilatların və radikal qrupların təsiri altına düşür. Həqiqətən dini inancı olan insanlarla din pərdəsi altında başqa məqsədlər güdən qüvvələri bir-birindən ayırmaq lazımdır. Bəlkə də həmin strukturları elə orada formalaşdırırlar? Bu təhlükənin varlığı barədə hələ 2018-ci ildə danışmışdım. Mən o tədbirdə bunun qarşısını almağın yolunu da təklif etmişdim. Demişdim ki, Azərbaycanda Dini akademiya yaradılmalıdır. Din xadimlərinin yalnız İrandan, Türkiyədən və Ərəb ölkələrindən gələnlərin təsiri ilə formalaşmasının qarşısını almaq lazımdır...”

 

Məsumə xanımın sözlərində böyük həqiqət var idi. Əlbəttə, Azərbaycanda elmi yanaşmaya əsaslanan dini təhsil sistemi qurulmalı, savadlı, əsl dini biliklərə sahib din xadimlərinin formalaşması, təbii ki, işin xeyrinə olardı. Yəni, İslamın elmi baxımdan izah edilərək, təhrifsiz öyrənilməsinə üstünlük verilsə, insanları cəhalətə sürükləyən qüvvələrin vəsvəsəsindən də soydaşlarımız qurtulmuş olardılar. Əks halda, insanların müxtəlif istiqamətlərə yönlənməsi işi sürətləndirilir. Sonucda nə qədər cahil fanatik dindarlar ordusu, kütlə yetişmiş olur. Bu tendensiya isə gələcək nəsil üçün, ölkəmiz üçün ciddi təhlükədir.

 

 

Nardaran hadisələrini də unutmuş deyilik, orada nələrin baş verdiyi yadımızdan çıxmayıb. Qarabağ müharibəsi dövründə də buna bənzər hallar olurdu.

 

Bu məqamda Məsumə xanımın bir xatirəsini də xatırladım: "Yadımdadır, uşaq evində böyümüş bir şəhidin dəfn mərasimində iştirak edirdim. Bir anda İranın təsiri altında olan dini qruplar mərasimə gəldilər. Onlar "Ya Hüseyn!” deyə qışqırır, mərasimin gedişinə mane olur, şəhidin dəfninin müəyyən edilmiş qaydada keçirilməsinə imkan vermirdilər. İnanın, heç yarım saat keçməmiş dövlətin asayişin keşiyində duran qüvvələri müdaxilə etdi və həmin qrupları yas mərasimindən kənarlaşdırdı. Şəhid isə Azərbaycan hərbi ənənələrinə uyğun şəkildə - Dövlət bayrağımıza bükülərək yaylım atəşləri altında musiqinin, xalqın alqış səslərinin müşayiəti ilə torpağa tapşırıldı... Amma İran həmin vəziyyətdən öz məqsədləri üçün istifadə etməyə çalışırdı. Belə ki, şəhid ailələrinə müxtəlif formalarda ciddi maddi yardım göstərir, əlaqələr qurmağa, onların çətin durumundan istifadə etməyə çalışırdılar.

 

Şuşanın azad edildiyi gecə həmin qüvvələrin nümayəndələrindən biri də buradan getdi... Lakin müharibə zamanı həlak oldu. Onlar təsir imkanlarını genişləndirmək məqsədi ilə Şuşa fatehlərinin arasına sızır, çaşqınlıq yaratmaq istəyirdilər... Şəhid ailələrinin arxasında dayanan ictimai dəstək isə çox güclü olur. Belə vəziyyətlərdə insanların emosiyalarından istifadə etmək daha asandır və heç kim onların qarşısında dayanmaq istəmir. Təəssüf ki, bu, Azərbaycanın zəif nöqtələ-rindən birinə çevrildi. Böyüklərimiz, ağsaqqallarımız bu məsələyə daha diqqətlə yanaşmalı idilər. Lakin təəssüf ki, məsələyə doğru-düzgün yanaşılmadı...” Vaxtilə V.İ.Lenin də dini tiryək adlandırırdı. Dini radikal qüvvələr də dindən tiryək kimi insanları asanlıqla təsir altına salmaq üçün istifadə edə bilirlər. Dini radikalizmə qarşı mübarizənin əsasını isə maarifləndirmə, keyfiyyətli təhsil, hüquqi dövlət prinsiplərinə hörmət, dini tolerantlıq və insan hüquqlarının qorunması təşkil edir. Bu mübarizə dini inancın özünə qarşı deyil, dözümsüzlüyə, ayrı-seçkiliyə, zorakılığa və qanunsuz fəaliyyətə qarşı yönəlməlidir. Söz yox ki, müxtəlif ölkələrdə də dinin təsir gücü həmişə mövcud olub. Ancaq bu təsirləri sağlam düşüncəli, əqidəli din xadimləri müsbət məcraya yönəltməyi bacarıblar və bacarırlar da… Hacı Şahin kimi sevilən, söylədikləri kütlə tərəfindən qəbul edilən din xadimləri, üləmalar kimi… Necə deyərlər, tənqiddən tənqidə xoşluqla keçidi həyata keçirən ağıllı, müdrik ruhanilər kimi...

 

 

 

 

 

 

 

Esmira Fuad, Əbədi Turan Kitab Fondunun sədri

Qadinkimi.com