Qulaq eşitdiyindən
Tarix : 03 Mart 2026, 18:50 Sən haralısan, durna?..
(Novruz elçiləri)
Bizim dağların üstən bu payız durnalar erkən uçub getdilər. Hərə bunu bir yerə yozdu. Kimi dedi, zalım uşağı perikdirib durnanı. Biri qayıtdı ki, dən azlıq eləyib, o biri dedi - su. Qərəz hərəsi bir söz dedi. O dedi, bu dedi, o deyəni bu bəyənmədi, bu deyəni o. Yığışıb gəldilər Qədir kişinin yanına. Soruşdular:
⁃ A baba, gün görüb dövran sürmüsən, bu durnalar niyə erkən uçub getdilər?
Doğrudan da durnalar bu yaz min il bundan əvvəlin yazında olduğu kimi gəlmişdilər. Qanadlarında, səslərində bu ulu torpağa mehr-məhəbbət gətirmişdilər. Sığırçın, alabaxta olub özünü gözə dürtməmişdilər. Ey… uca-uca buludlardan uca uçub bir axşamın alatoranında, bir səhərin ertəsində gəlib "a dağlar, salam” - demişdilər.
Bu səs onda dağların iliyinə işləmişdi. Min illərin qocalmaz, qarımaz dağları bir durna harayınnan, bu harayın istiliyinnən, doğmalığınnan, mehr-məhəbbətinnən az qala ərimişdilər. Dağlar onda qardaş kimi boy-boya dayanmışdılar.
Dağların baharı onda başlayırdı. Çəməni bir əlvan xonça bilib başına qaldırırdı dağlar. Üzün bu qərib, bu doğma haraya, bu mehirri salam-sənaya tutub xəbər alırdılar: "Sən haralısan, haralı, durna?”
Bizim dağların üstən bu payız durnalar erkən uçub getdilər. Xəbərsiz, qəfil köçüb getdilər. Yurdu ağzı boza qoyub nə vaxt ötüşdülər…bilmədik. O durnalar ki, nağıllarımızdan, dastanlarımızdan, sevda dolu, yazlı-baharlı yuxularımızdan keçmişdi.
Oyanıb ruzulu-sayalı nənələrə söyləyəndə bu yuxuları xeyirə yozmuşdu. "Başında sevda var” - demişdi…
İndi hara uçub getdilər? Kimdən küsüb getdilər? Bilən olmadı. O durnalar ki, qəriblikdə Qoç Koroğlu üzün onlara tutmuşdu, ana yurd sarıdan olardan iltimas eləmişdi:
Göydən gedən beş durnalar,
Bizim ellər yerindəmi?
Bir-birindən xoş durnalar
Bizim ellər yerindəmi?
Durnalar da belə məqamda bir amanat lələk salardı. Bu lələk dönüb olardı mərd iyidlər nişanası. Salıq verib deyərdilər: "Eyvazım on beş yaşında, durna teli var başında”.
Yazın təzəgül vədəsində bu sayalı durnalar hardansa anasının ilki olan qız uşağının yuxusuna gəlib girərdi. O da qaçıb gələrdi ki, a nənə, yuxuda durna gördüm.
O gün eldə şadlıq olardı. Xalq inamında durna, leylək sayadı, sünbül də bolluq, firavanlığın bir nişanəsi.
O vaxt ərgən qızlar, sevdalı oğlanlar yuxusunda bax, beləcə qatarlaşıb uzaq eldən gələn durnalar, su dolu güyümlər, "bar-bar” bağıran bağlar, sünbül, gül-reyhan görərdilər.
Həsrətlə yar gözləyən gözəllərə deyərdilər ki, darıxma, bala, durna gələcək, səni də aparacaq.
Qışın qaramatınnan darıxan "xırda qızlar” xəbər alardı:
⁃ A nənə, bə durna nə vaxt gələcək?
⁃ Deyərdi: Novruz gələndə, dərdin aleym.
⁃ Bə Novruz nə vaxt gələcək, a nənə?
⁃ O da durna gələndə gələcək, bala, darıxma.
Aşıqlar sıyrılıb məclisə düşdülər, dərdli sevdanın yorulmaz yolçusu Kərəmin rəvayətin elədilər. O yerlərdə ki, həm o tay uzaqdı, həm bu tay, Kərəmin umudu ölkəbilməz, sərhədtanımaz durnalara gəlirdi. Kərəm inanırdı ki, hardasa dağların dalında, obaların içində, on yeddi günlük bir mənzildə Əsli xanım bu durnaları şirin-şirin dilə tutacaq, dərdi-dil eləyib Kərəmin ismarıcın eşidəcək. Onçu da saz çalıb dağları aşıb getməkdə olan durna qatarını əylədi:
Durna gedirsiz haraya,
Mənnən yara salam deyin!
Görsəz əyər butam ağlar,
Dönüb yara salam deyin!
Durna, telin şana-şana
Həm o yana, həm bu yana,
Alın sizə bir nişana
Verim, yara salam deyin.
…Bizim dağların üstən bu payız durnalar erkən uçub gedəndə, bu səbəbdən cavan-comrul söz-sər hesabına çıxıb Qədir kişiyə üz tutanda, Qədir uluolmuş da üzün bax, o qəlbi dağlara, o dağlar üstən nə vaxtsa xəlvəti uçub gedən durnalar səmtə tutub bir xeyli fikrə getdi. Fikri nağıllarımızdan, dastanlarımızdan, gözəl-göyçəklərin, iyid-ərgənlərin saf, aydın yuxularından, nənələrin sayalı yozmalarından dolanıb gəldi. Qayıtdı ki, durnanın gönlünü qırıbsız, a bala.
Boy-boya durdular, səs-səsə verdilər:
-A baba, biz durnanı nə vaxt gördük, göylünü nə vaxt qırdıq?
-Görməməyiniz taycana pis. Bu durnanın keyfini kökdən salan odu dayna. Durna havadan nəm çəkən olur. Yaxşı-pisi, hərbə-hədəni yüz ağaclıqdan tanıyıb bilir. İnsan oğlunun isti-soyuğu durnaya yamanca əsər eləyir. Ulular deyərdi ki, göynən uçan durnanın gözü, yerdə qarıncanı seçir. Biz o vaxtlar xəbər alardıq:
⁃ A baba, bizi də görür?
Deyərdi, nə dediyindi, a kişi qırığı, lap səsinizi də eşidir. Biz də onda durnaların dalısınca yüyürüşərdik; "Durna mənə lələk ver, durna mənə ələk ver”.
Ulu nənəmizin yadigarı bir ələk vardı. Guya min illər bundan əzəl o ələyi nənəmçün durnalar göydən salmışdılar. O vaxtdan bəri bizə elə gəlirdi ki, durnalar gedib yurd saldıqları o görünməz dağların dalında lələklərindən mil çəkib ələk toxuyurlar. Nə vaxtsa, kiminsə niyyəti durnalara xoş gələndə o bərəkətli ələkdən birini həmin adamın bacasından salacaqdılar.
Durnalar bizim harayımıza ələk salmasa da, hərdənbir lələk salırdı. Bu lələk tutya-təbəriyyə dönürdü. Hər axşam bir evdə saxlanırdı, saya hesab olunurdu. Onda durnalar bizim damların lap üstünnən uçurdular. Onda durnalar lap adamların yuxusundan keçirdilər. Onda durnalar adamlarçın ələk toxuyurdu, lələk salırdı, onda durnaların dimdiyində apardığı sünbülü görmək olurdu. Onda… durnalar bizim dağları uca bilirdi, üstündən erkən uçub getmirdi. 
***
Bizim ellər ta qədimdən səxavətiylə öyündü, duz-çörəyə düz çörək dedi. Heç vədə çörək itirmədi. Düşmənə də duz-çörəyini əsirgəmədi. Bir kərə çörək kəsdiyi ocağa qırx il borclu oldu. Süfrələr ulu xalqımızın mehr-ülfətindən, qədr-qiymətindən xəbər verdi. Onçu da qədirbilən xalqımız səy elədi ki, könül bolluğu, elin var-halı, obalarımızın səxavəti süfrələrimizə çəkilsin. Bayram vaxtları elin səxavəti birə - beş artır, bu süfrələrdən barınan dost-aşna süfrələrimizin halallığına, xeyir - bərəkətinə ömrü uzunu borclu qalar. Ta qədimnən ulu yurdumuz taxılçılığın beşiyi olub. Taxılın bolluğu yurdun basılmazlığı, süfrələrimizin dost üzünə açılmasıydı. Zərdüştlərin görüklü kitabəsi "Avesta” el-camaatı əkinçiliyə, taxılçılığa çağırıb. Belə hesab elyiblər ki, taxıl cücərdikcə ağrı-acı ürküyə düşür, döyüləndə yamanlıq, pislik döyülüb əzilir, üyüdüləndəsə şər yer üzündən yox olur. Bu inam ulu əcdadlarımızı ta qədimdən qol çırmayıb yer sürməyə, taxıl əkməyə həvəsləndirib. Elin varı artdıqca süfrəsinin də bərəkəti, nəqşəsi çoxalıb. Analarımız bu illərin sınağında hesab eləyiblər ki, qazanda bişən plovun dadıynan çölmədəkinin fərqi var. Çölməkdə daşma-plov dadlı çıxarsa, süzmə plovun dadı-duzunun yarısı qazandadı. Xalq ta qədimnən pitini bərnilərdə, bozbaşısa mis qazanlarda bişirməyi məsləhət gördü. Yüz cürə ədviyyat da bu yeməkləri dada-ləzzətə gətirib, ətrini, tamını artırıb. Qədim sayaçı sözlərimizdə də süfrəmizin bolluğuna dönüm-dönüm işarələr, nişanələr var: Nənəm, ay ağbaş qoyun, Yunu bir qarış qoyun. Yağından pulov olar, Quyruğundan aş, qoyun. Dağları endi qoyun Dolaşdı bəndi qoyun. Süd-qaymağı bol elə Sevindir kəndi, qoyun. "Kitabi - Dədə Qorqud” da adı çəkilən yeməklərin çoxu indi də süfrələrimizin bəzəyidi. Quba tərəflərin süfrə bəzəkləri hər tərəfdə adnandı. Özü də qubalılar mer-meyvəni süfrələrinin baş bəzəyi eləyirlər. Söz yox, bu, Quba tərəflərin bağlar diyarı olduğu səbəbindəndi. Yalan-gerçək belə deyirlər ki, Lənkəranda dəmlənən plovun ətri cəmi Azərbaycanı bürüyür. Haqqıçına lənkəranlılar düyüdən yüz löyün biş - düş hazırlayıb qonaq qabağına qoyurlar ki, yazıq qonaq da dad-ləzzətdən başlayır barmaqlarını yalamağa. Şəkinin pitisi, halva-paxlavası da deməknən, danışmaqnan döyül. Gərək bir yolunu Şəkidən salıb təamların dadına baxasan. Uzun sözün qısası, uluca yurdun hər oymağı öz süfrəsində bir naxış qorumaqnan nə zamandı ki, cəmi mahallarda bəllidi.
Bəlkə də çoxlarının yaddaşlarından silinmiş bir süfrə bəzəyimiz
sarıdan söz açmaq istəyirik. Onu da yetirək ki, qəysəvəni indi yaşı ötən
qarılar bəlkə xatırlaya bilələr. Qəysəvə hasilə gətirməkdən ötrü çox şey gərək
döyül – inək yağı gərəkdi, bir də tut qurusu. Yağı dağ eləyənnn sonra bu tut
qurusunu tökürlər yağın içinə, ta qızarıncayana qədərgözləmək gərəkdi. Elə ki,
qızardı, hə, qəysəvə olur hazır. Ağbirçəklərin dediyinnən dad-ləzzətində ələ
düşən şey döyülmüş.
Kimi yerlərdə qəysəvəni əriyin qaysı növündən hasilə gətirirmişlər. Belə bir güman var ki, qəysəvə adı elə qaysı sözündən yaranmadı. "Qaysı sevən” soralar "Qəysəvə” şəklində deyilib.
***
Xeyirli-bərəkətli günlərimiş. Güllü gələrdi diləyə. Görərdi
çörək yapılır. Qayıdardı ki, bərəkətli olsun, toy çörəyi yapasan, a Mina xala.
-Sağ ol, a bala, sağ ol.
-Anam dedi ərsini verəsən, bizim ərsin kartlaşıb.
Mina arvad bir bükmə yuxanı dəstərxana yük eləyib ərsini də
qoyardı üstünə. Qızın uğuruna bir söz də atardı: - qədirli yerə düşəsən, a Güllü
balam!
Ya da kişilikdə olurdu: qonşu gəlirdi ki, bəs kəlim kefsizləyib,
kəlini ver, cüt sürüm…
Qədir kişi kəlin də
verirdi, üstəlik xışın, kotanın da. İşdi də…adam başına gələr, kəl büdrəyirdi,
qıçı sınırdı, ombası batırdı… Deməzdilər mal mənimdi, sənindi.
Görürdün sürü sellənib gəlir. Qoyundu da… bir də gğrdün Qədir
kişinin təpəl toğlusu azdı getdi Səlimin qapısına. Ta onu geri götürdü nədi?
-Bərəkətdi, qapıya gələn qisməti qaytarmazlar.
Belə deyib varından keçib babalar, köçüb babalar…Qoç nədi, toğlu
nədi, əşi, ulularımız evinə gələn qanlılarının günahından keçiblər. Nədən ki,
evə gəlib, diləyə gəlib, sayıb gəlib, günahını qanıb gəlib. İş adamın başına
gələr. – Ən böyük savablıq odu, - deyiblər, - günahı bağışlamaq. Yamanlığa
yaxşılıq ər kişinin işi sayılıb.
Yamanlıq eləmə, qabağına çıxar! Ulular bu hikmətə möhkəm
inanıblar. Güman eləyiblər ki, insan əməlinə yazılan yamanlıq, elə o əməl
sahibinin qabağına adam sufatındamı, şeytan cildindəmi, hökmən çıxacaq.
Sorğu-sual, haqq-hesab aparacaq onnan.
Dedilər: - qarışqasınnan dəvəsinəcən dünyada hər şeyin haqqı var, ruzusu,
payı var. Qarışqanı basdın, çörəyi tapdadın, günah elədin – birdi
Bar üstündə ağacı kəsmək günahdı. Yalan-gerçək deyirlər-ağlayır
minbudaq olmuş.
Bar ağacına göz dəyər… Soruşsan adamdımı, a Qədir baba? Deyəcək
bə nədi?..Ağacın da, otun da, sərçənin də, leyləyin də haqqı, ruzusu var bu
dünyada… Qayıdar bir qələmə asar gilas ağacından: - Nəzəri olanın gözünə!
Qədir baba əkən ağacda yaz gələni leyləklər yuva qurar. Ulu
olmuş baxıb deyər ki, şükür, savablı ağac çıxdı. Nədən ki, leylək tayfası hər
ağacda yuva qurmaz…

"Novruz töhfələri” kitabından
Müəlliflər: Ağalar Mirzə, İntiqam Mehdiyev
Sayt üçün hazırladı: Günel Dəniz